Şagirdlərin Qiymətləndirilməsi işçi qrupunun ikinci təlim görüşü baş tutub

Tarix: 28.09.2023
Paylaş:

Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutunun benefisiar olduğu “Azərbaycanda Təhsil Sisteminin Dayanıqlığının Gücləndirilməsi və AzMKÇ 5-ci Səviyyə Kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” texniki yardım layihəsi çərçivəsində yaradılmış Şagirdlərin Qiymətləndirilməsi işçi qrupunun ikinci təlim görüşləri 25-26 sentyabr tarixlərində baş tutub.

Təlimin keçirilməsində əsas məqsəd Şagirdlərin qiymətləndirilməsi üzrə qrup üçün bacarıqların artırılması və təlim proqramını təsdiq etmək, ilk görüşlərdən çıxarılan nəticələr əsasında qiymətləndirmə və qiymətləndirmə ilə bağlı mövcud vəziyyəti müzakirə etmək, mövcud Milli Qiymətləndirmə Çərçivəsinin konsepsiyasını/strukturunu və məzmununu nəzərdən keçirmək, ona yeni strukturun hazırlanması və Konsepsiya sənədinin məzmunu ilə bağlı rəy vermək, konsepsiya sənədinin yeni strukturunu və məzmununu inkişaf etdirərək Milli Qiymətləndirmə Çərçivəsinin təkmilləşdirilməsi və onun həyata keçirilməsi üçün addımlar təklif etmək olub.

Təlimlərdə spiker qismində Maya Yukiç çıxış edib. Təlimlər zamanı iki gün ərzində iştirakçılar layihə çərçivəsində hazırlanmış bir neçə sənədin ilkin variantlarının (təlim proqramının, Azərbaycanda şagirdlərin qiymətləndirilməsi üzrə mövcud vəziyyət haqqında icmal), Milli Qiymətləndirmə Çərçivə sənədinin yeni versiyasının hazırlanması istiqamətində sənədin strukturunun və məzmunun müzakirəsini aparıb və təkliflər irəli sürüblər.

Təlimlərin sonunda iştirakçılar şagirdlərin qiymətləndirilməsinin müxtəlif aspektləri haqqında beynəlxalq təcrübənin öyrənilməsi, eyni zamanda yeni qiymətləndirmə konsepsiyasının hazırlanmasında iştirak edərək müasir yanaşmanın tətbiq edilməsi ilə bağlı ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, sözügedən işçi qrupunda 42 nəfər iştirak edir.