Təhsil İnstitutunun əməkdaşı Təhsil texnologiyaları üzrə Koreya Forumunda iştirak edib

Tarix: 29.09.2023
Paylaş:

Təhsil İnstitutunun Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova 20-22 sentyabr tarixlərində Koreya Respublikasının Seul şəhərində Koreya Respublikasının Təhsil Nazirliyinin ev sahibliyi etdiyi, Koreya Rəqəmsal Təhsil Sərhədləri Assosiasiyası və UNESCO-nun Ömürboyu Təhsil İnstitutu tərəfindən birgə təşkil olunan “2023-cü il Təhsil texnologiyaları üzrə Koreya Forumu: süni intellektlə təhsilin inklüziv gələcəyinin yaradılması” adlı tədbirdə ölkəmizi təmsil edib. Forumun əsas məqsədi 4-cü Dayanıqlı İnkişaf Məqsədinə (SDG4) nail olmaq üçün gələcəyə yönəlmiş rəqəmsal təhsil siyasətinin inkişaf etdirilməsi məqsədilə müxtəlif iştirakçıları bir araya gətirən bir beynəlxalq platforma rolunu oynamaqdan ibarət olub. Bu baxımdan dünyanın ən azı 25 ölkəsindən dövlət rəsmiləri, UNESCO, akademiklər, sənaye tərəfdaşları və təhsilverənlərin iştirakı ilə tədbir baş tutub.

20 sentyabrda sözügedən foruma Koreya Respublikasının Təhsil Nazirliyinin nazir müavini Ju-Bum Na, Koreya Rəqəmsal Təhsil Sərhədləri Assosiasiyasının sədri Hyungsee Lee və UNESCO Ömürboyu Təhsil İnstitutunun müvəqqəti direktoru Borhene Chakrounun açılış nitqləri ilə start verilib. Tədbirin ilk günündə generativ süni intellektin məktəbdə təhsilin gedişatını necə dəyişə biləcəyi, təhsilverənləri və təhsilalanları dəstəkləmək üçün süni intellekt texnologiyalarını necə dizayn etməli, inkişaf etdirməli və həyata keçirməli, adaptiv öyrənmə, fərdi repetitorluq sistemlərində, fərdiləşdirilmiş rəy və təhsil məlumatlarının təhlilində süni intellektin tətbiqi ilə bağlı mövcud ən yaxşı təcrübələr, süni intellektdən məsuliyyətli istifadə, etik aspektlər, alqoritmik qərarların qəbulunda şəffaflıq kimi mövzularda təqdimatlar edilib və müzakirələr aparılıb.

21 sentyabrda ( Tarixindəni silin) forum iştirakçıları Koreyanın baş naziri Ducksoo Han, baş nazirinin müavini və təhsil naziri Juho Lee-nin açılış nitqlərini etdikləri Qlobal Təhsil və İnnovasiya Zirvəsində iştirak ediblər. ƏİT-in baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer əsas spiker kimi rəqəmsal transformasiya erasında təhsilin innovasiya ekosistemi mövzusunda çıxış edib. Tədbir daha sonra Koreya, Qazaxıstan, Özbəkistan və Monqolustan təhsil nazirləri və rəsmi nümayəndələrinin iştirak etdiyi “Təhsil, innovasiya və ekosistem” adlı plenar sessiya ilə davam edib. İnnovasiya və ali təhsil ilə bağlı digər plenar sessiyadan sonra tədbir iştirakçıları təhsil texnologiyaları üzrə yarmarkada müxtəlif layihələr, təşəbbüslər və s. ilə tanış olublar.

22 sentyabr tarixində isə ilk öncə Changdeok qızlar üçün orta məktəbə səfər çərçivəsində forum iştirakçıları məktəb ilə bağlı təqdimatı dinləyib, məktəbin infrastrukturu və otaqları ilə tanış olub və nümunə dərsdə iştirak ediblər. Günün ikinci yarısında isə rəqəmsal savadlılığın qiymətləndirilməsi, gələcək əmək bazarı üçün lazımlı rəqəmsal bacarıqlar və onları gücləndirməyin yolları, rəqəmsal öyrənmə prosesində təhsilverənlərdən tələb olunan rolların və bacarıqların dəyişilməsi, hökumətlər tərəfindən rəqəmsal texnologiyaların istifadəsini genişləndirən siyasətlərin və təşəbbüslərin yaradılması, müxtəlif ölkələrin rəqəmsal təhsil siyasətləri və proqramları və s. mövzularda təqdimatlar edilib və müzakirələr aparılıb.