Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ-nin Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), Lənkəran-Astara Regional Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi ilə birgə həyata keçirdiyi “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi- II mərhələ” adlı pilot layihənin ikinci fazasına start verilib.
Layihənin cari fazasında əsas məqsəd Bakı, Lənkəran şəhərləri və Ağcabədi rayonu üzrə seçilmiş 25 ümumtəhsil müəssisəsində, eləcə də, Zəngilan rayon Ağalı kənd məktəbində pilot olaraq yaradılmış uşaq müdafiəsi və təhlükəsizliyi (UMT) mexanizminin məktəblərdə daha da mənimsənilməsi, həmin ümumtəhsil müəssisələrində prosesin mütəmadi şəkildə superviziya olunması və onlara müvafiq dəstəyin göstərilməsidir.
Bu məqsədlə, ilkin mərhələdə 26 pilot məktəbdə UMT komandaları ilə görüşlər təşkil olunub, mexanizmin əsas iş prinsipləri və effektiv tətbiq edilməsi üçün lazım olan qaydalar, məktəblərdən gözləntilər haqqında müzakirələr aparılıb, müdavimlərin sualları cavablandırılıb. Həmçinin, mütəxəssislər tərəfindən məktəblərdə UMT sistemi ilə əlaqədar ilkin vəziyyət haqqında məlumat toplanılıb.
Qeyd etmək lazımdır ki, Bakı şəhəri üzrə layihəyə keçən il cəlb edilmiş 25 ümumtəhsil müəssisəsində də mütəmadi superviziya görüşlərinin keçirilməsi planlaşdırılır.