“Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin İdarəetmə Komitəsinin ilkin görüşü baş tutub

Tarix: 16.10.2023
Paylaş:

12 oktyabrda Azərbaycan Respublikasının Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin İdarəetmə Komitəsinin ilkin görüşü baş tutub.

Görüşü ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin müdiri, eyni zamanda layihənin koordinatoru Abutab Abbasova ilkin hesabat dövründə həyata keçirilən fəaliyyətlər haqqında qısa məlumat verərək və görüşün gündəliyini paylaşaraq açıq elan edib. Daha sonra layihənin birinci komponenti ilə bağlı sözügedən hesabat dövründə görülən işlər ilə bağlı komanda rəhbəri Dr. Rainer Gerke, ikinci komponenti ilə bağlı əsas ekspert Mariana Mataçe, üçüncü komponenti ilə bağlı isə yerli ekspert Mehparə Əhmədova təqdimat ediblər. Maliyyə məsələləri ilə bağlı isə EPRD nümayəndələri Agnieszka Badel və Natalia Luba-Chudzik qısa məlumat veriblər. Hər bir təqdimat arasında əsas məsələlər ilə bağlı müzakirələr aparılıb. Son olaraq, İdarəetmə Komitəsinin sədri və ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev hər kəsə təşəkkürünü bildirib və növbəti hesabat dövründə uğurlar arzulayıb.

Görüşdə Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Avropa İttifaqının nümayəndəliyinin nümayəndələrindən ibarət İdarəetmə Komitəsi ilə yanaşı, qonaqlar və layihənin komanda üzvləri iştirak ediblər.