“Ümumi təhsil sistemində karyera mütəxəssisləri üçün peşəyönümü xidməti üzrə kompetensiya çərçivəsi” adlı görüş keçirilib

Tarix: 23.10.2023
Paylaş:

16 oktyabrda Azərbaycan Respublikasının Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin “Ümumi təhsil sistemində karyera mütəxəssisləri üçün peşəyönümü xidməti üzrə kompetensiya çərçivəsi” adlı görüşü baş tutub.

Görüşün məqsədi maraqlı tərəflərlə birlikdə layihə komandası tərəfindən hazırlanmış ümumi təhsil sistemində karyera mütəxəssisləri üçün peşəyönümü xidməti üzrə kompetensiya çərçivəsini və onun Azərbaycan kontekstinə uyğunluğunu müzakirə etmək, peşəyönümü xidməti barəsində ölkədə mövcud materialları diskussiya etmək, peşəyönümü xidməti üzrə işləyən əməkdaşların bu sahə üzrə təlim ehtiyaclarını müəyyənləşdirməkdən ibarət olub.

Görüşdə spiker və moderator qismində layihənin əsas eksperti Mariana Mataçe, peşəyönümü xidməti üzrə xarici ekspert Şahinaz Xəlil və yerli ekspert Güllü Baharlı çıxış edib.

Görüşdə müxtəlif qurumların, o cümlədən Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və müxtəlif növ təhsil müəssisələrinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, təlim ehtiyacları müəyyənləşdirilən əməkdaşların təlimlərinin növbəti ilin əvvəllərində keçirilməsi nəzərdə tutulub.