Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşları Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzində təlim keçiriblər

Tarix: 27.10.2023
Paylaş:

27 oktyabrda Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşları Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzində təlim keçiriblər.

Giriş sözü ilə çıxış edən şöbənin əməkdaşı Gülnar Tahirli “Peşəyönümü xidməti” və onun hüquqi əsasları, hədəf kütləsi, həyata keçirilməsi formaları və üstünlükləri barədə məlumat verib. Peşəyönümü xidmətinin təhsilalanların peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr, təhsilalanların karyera planlaşdırılması və ömürboyu təhsil imkanları barədə məlumatlılığa çıxış əldə etməkdə üstünlüyünü xüsusi vurğulayıb.

Günel Fərəcova “Peşə ixtisas seçimi” mövzusunda danışaraq Peşəyönümü işinin mərhələləri, peşə seçiminə təsir edən amillər, peşə seçimi zamanı edilən səhvlər, peşə üzrə şəxsi özünütəhsil planı barədə müzakirə aparıb.

Xəyalə Səftərova “Peşə təhsilində dövlət-özəl əməkdaşlığı” mövzusunda çıxış edərək dövlət-özəl tərəfdaşlığı anlayışı, bu əməkdaşlığın prinsipləri, mühüm istiqamətləri və üstünlükləri, həmçinin bu sahədə atılan addımların müsbət nəticələri barədə məlumat verib.

Daha sonra şöbənin digər əməkdaşı Mehriban Eyvazova isə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzinin müəllimləri üçün “ADDİE modeli” mövzusunda təlim keçirib. Burada əsas məqsəd pedaqoji dizayn modeli olan “ADDİE modeli” barədə müəllimləri məlumatlandırmaq olub. Təlim zamanı bu modelin 5 mərhələsindən istifadə edərək təhsil proqramların yazılmasındakı üstünlüklərindən, təlimin və öyrənmə təcrübəsinin effektivliyini, səmərəliliyini maksimum dərəcədə artırmaq üçün istifadəsi haqqında geniş müzakirə aparılıb.

Qeyd edək ki, ADDİE Təlimat dizaynı, yeni bilik və bacarıqların öyrənilməsi və tətbiq edilməsi üçün təlim-tədris təcrübəsinin və materiallarının sistematik şəkildə tərtib olunması prosesidir. Bu prosesə, təlim-tədris ehtiyacının analizi və proqramın dizayn edilməsi, materialların hazırlanması, iştirakçılara təqdim edilməsi və effektin ölçülməsi mərhələləri daxildir.

Təlim sual-cavab formasında davam edib.