ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən ümumi təhsil müəssisələrində metodik xidmət göstərəcək şəxslər üçün təşkil edilən metodist hazırlığı ilə bağlı təlimlər başa çatıb.
Təlimlərin təşkilində məqsəd müasir metodik xidmətin qurulması məqsədilə ümumi təhsil müəssisələrində bu xidməti həyata keçirəcək peşəkar metodist hazırlığını aparmaqdır.
Təlimlərin əsas mövzuları sinfin idarə edilməsi, diferensial təlim, oxuyub-anlama bacarıqları, sinifdə sağlam sosial-psixoloji və mənəvi-psixoloji mühitin yaradılması, həmçinin idarəçilik üzrə olub. Bununla yanaşı, təlim müddətində iştirakçılarla birgə mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, ARTİ MDPİM tərəfindən noyabr ayından metodist hazırlığı istiqamətində təlimlərə yeni qruplarla davam ediləcək. Təlimlərin sonunda isə uğurlu nəticə nümayiş etdirən müdavimlərin ölkə üzrə seçilmiş məktəblərdə metodik xidmətin səmərəli təşkili ilə bağlı fəaliyyətə başlamaları nəzərdə tutulur.