16-20 noyabr tarixlərində informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin payız məktəbi təşkil olunub. 5 gün ərzində hər gün 8 saatlıq hazırlıq prosesinə qoşulan məktəblilər informatika fənni üzrə Respublika fənn olimpiadalarında finala qədər yüksəlmiş şagirdlər arasından 29 oktyabrda Bakı Mühəndislik Universitetində keçirilən seçmə imtahanı əsasında müəyyən ediliblər.
Ümumilikdə 40 saat ərzində 2 diviziyada keçirilən təlimlər olimpiada mövzularının nəzəri və praktiki izahı, həmçinin beynəlxalq yarışlarda təqdim edilmiş tapşırıqların müzakirəsi əsasında təşkil edilib. Eləcə də iştirakçıların dünyanın qabaqcıl universitetlərinin məzunları ilə görüşləri təşkil edilib. Belə ki dövlət proqramı əsasında Oksford Universitetində robotexnika üzrə fəlsəfə doktoru ixtisasından məzun olmuş Tərlan Süleymanov və Massaçusets Texnologiya İnstitutunun İdarəetmə məktəbini məgistr dərəcəsi üzrə bitirmiş Ramil Məhərrəmov şagirdlərə informatika olimpiadalarının gələcək peşə və karyera seçimində üstünlükləri haqqında öz təcrübələrini bölüşüblər.
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir.