Təhsil İnstitutu tərəfindən yeni qruplar üzrə metodist hazırlığı təlimlərinə start verilib

Tarix: 21.11.2023
Paylaş:

18 – 19 noyabrda Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən məktəblərdə metodik xidmətə cəlb ediləcək metodistlərin hazırlığı istiqamətində növbəti qruplarla təlimlərə başlanılıb.

Təlimlərin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində müasir metodik xidmətin təşkilinə dəstək məqsədilə peşəkar metodistlərin hazırlanmasıdır.

Təlim proqramının məzmununa dərsin planlaşdırılması, sinfin idarə edilməsi, diferensial yanaşma, oxuyub-anlama bacarığının formalaşdırılması, sinifdə sağlam sosial-psixoloji və mənəvi-psixoloji mühitin yaradılması, dərsdinləmələrin təşkili ilə əlaqədar mövzular daxildir.

Təlim müddətində iştirakçılar aktiv müzakirələrə cəlb olunublar və onlara metodist fəaliyyəti istiqamətində atılacaq addımlar barədə tövsiyələr verilib.

Təlimlərdə müxtəlif regionların ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edirlər.

Qeyd edək ki, təlimlərdən sonrakı mərhələdə uğurlu nəticə nümayiş etdirən müdavimlərin ölkə üzrə seçilmiş məktəblərdə metodik xidmətin səmərəli təşkili ilə bağlı fəaliyyətə başlamaları nəzərdə tutulur.