“Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində MKÇ 5-ci səviyyədə kvalifikasiyaların hazırlanması üzrə konsultasiya görüşü baş tutub

Tarix: 05.12.2023
Paylaş:

23 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində MKÇ 5-ci səviyyədə kvalifikasiyaların hazırlanması üzrə konsultasiya görüşü baş tutub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nərmin Məmmədova seminarın məqsədi, Azərbaycanda Yüksək Texniki Peşə Təhsili, o cümlədən tələbə qəbulu dərəcələri, yaranan tendensiyalar haqqında danışıb. Kvalifikasiyaların hazırlanması üzrə əsas ekspert Rainer Gerke isə layihənin mühüm aspektləri, o cümlədən Azərbaycanda 5-ci səviyyə kvalifikasiyaların problemləri ilə bağlı təqdimat edib. Təqdimatda layihə komponentləri, mərhələlər və əsas fəaliyyətlər qeyd olunmuş və ixtisasların artırılması üçün işçi qruplarının yaradılması vurğulanmışdır.

Qeyd edək ki, görüşdə əsas müzakirələr peşə profilləri, sənaye və peşə təhsili müəssisələri arasında əməkdaşlıq və qəbul prosesindəki problemlərə yönəldilib.

Görüşdə ümumilikdə 31 nəfər olmaqla Təhsil İnstitutu, Peşə Təhsili üzrə Dövlət Agentliyinə tabe və özəl müəssisələr, həmçinin digər müəssisələrin nüməyəndələri iştirak edib.