Beynəlxalq STEAM Azərbaycan Festivalının bağlanış mərasimi keçirilib

Tarix: 08.12.2023
Paylaş:

Dekabrın 8-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün bağlanış mərasimi keçirilib.  

Bağlanış mərasimində Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili, millət vəkilləri, diplomatik nümayəndəliklər, ali təhsil müəssisələrinin rektorları, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. 

Əvvəlcə “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov çıxış edərək qonaqları salamlayıb və yarışların nəticələrinə dair hesabatı diqqətə çatdırıb. 

Ardınca Beynəlxalq STEAM Azərbaycan Festivalına dair videoicmal nümayiş etdirilib.  

İlkin olaraq “Yaxşıların yaxşısı” kateqoriyası üzrə qaliblər mükafatlandırılıb. Mükafatlar Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov tərəfindən təqdim olunub. 

Sonra Baş nazirin müavini Əli Əhmədov qalibləri təbrik edərək bu yarışın istedadlı şagird və gənclərin üzə çıxarılması, onların kiçik yaşlardan bilik, bacarıqlarının artırılması, həmçinin ictimai fəallığın artması baxımından digər ölkələrdən olan həmyaşıdları ilə əlaqələr qurmaları üçün fürsət olduğunu vurğulayıb. 

Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev “Festivalda məğlub olan yoxdur, hər kəs qalibdir” fikrini vurğulayaraq bu təhsil bayramına qoşulan hər kəsə təşəkkürünü bildirib. Gənclər və idman naziri Fərid Qayıbov öz növbəsində qalib komandaları təbrik edib, onlara uğurlar arzulayıb, həmçinin təşkilat komitəsinə belə bir festivalın həyata keçirilməsinə görə təşəkkürünü bildirib. 

AMEA-nın prezidenti İsa Həbibbəyli çıxış edərək SAF 2023-ün əhəmiyyətini vurğulayıb. Daha sonra digər qalib komandalara mükafatlar təqdim olunub.  

Qeyd edək ki, festival 4 – 8 dekabr tarixlərində keçirilib. 

SAF 2023 ümumilikdə 14 yarış və 1 sərgi kateqoriyası üzrə keçirilib. Festivalın final mərhələsində 11 ölkəni təmsil edən 868 yerli, 159 xarici iştirakçı yarışıb. Əcnəbi iştirakçılar Türkiyə, Niderland, Çex Respublikası, Bolqarıstan, Böyük Britaniya, Qazaxıstan, Norveç, Slovakiya, Türkmənistan və Özbəkistanı təmsil ediblər. 

Beynəlxalq SAF 2023-də 27 komanda I, 73 komanda II, 67 komanda isə III yerə layiq görülüb. Xüsusi nominasiyalar üzrə isə 101 komanda qalib olub.