Dekabrın 11-də Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun təşkilatçılığı ilə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, nazirliyin struktur bölmələrinin rəhbərləri, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Dünya Bankı və UNICEF-in nümayəndələri, Türkiyə və Estoniyadan məruzəçilər, yerli mütəxəssislər iştirak ediblər.
Konfransın keçirilməsində məqsəd məktəbəqədər təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq və qabaqcıl təcrübələrlə tanış olmaqdır.
Tədbirdə əvvəlcə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov qonaqları salamlayıb və konfransın əhəmiyyətindən danışıb.
Sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək təhsil sahəsində son dövrdə baş verən əsas dəyişikliklərdən biri kimi 5-6 yaşlı uşaqların ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına cəlb olunmasını vurğulayıb. Nazir həmçinin çıxışında ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının davam etdirilməsi, icmaəsaslı məktəbəqədər təhsil qruplarının əhatə dairəsinin artırılması, dövlət – özəl tərəfdaşlığına əsaslanan modellərin və ailətipli məktəbəqədər təhsil təşəbbüslərinin tətbiqi ilə 2026-cı ildə Azərbaycanda 1-5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəliliyinin 50%-ə çatdırılacağını bildirib.
İcmaəsaslı məktəbəqədər təhsil qruplarının ölkə üzrə 50 rayon və şəhərdə təşkilindən də danışan nazir ümumi sayı 800-ə çatan bu qruplarda 16 000-ə yaxın uşağın təhsil aldığını diqqətə çatdırıb.
Emin Əmrullayev çıxışının sonunda məktəbəqədər təhsil müəssisələrində keyfiyyətin təmin olunmasında beynəlxalq təcrübənin tətbiqinin əhəmiyyətini vurğulayaraq konfransn işinə uğurlar arzulayıb.
Konfrans “Məktəbəqədər təhsildə uşaqyönümlü təhsilə keçid”, “Məktəbəqədər təhsildə effektiv idarəetmə”, “İcma, ailə və məktəbəqədər təhsil: səmərəli əməkdaşlıq” panellərindən ibarət olub. Panellərdə İƏİT-in Təhsil və bacarıqlar şöbəsinin analitiki Nataniel Raynartsn, Estoniya Təhsil və Tədqiqat Nazirliyinin Ümumi təhsil siyasəti departamentinin məktəbəqədər təhsil üzrə baş mütəxəssisi Tina Peterson, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin erkən inkişaf üzrə mütəxəssisi Vidur Çopra, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə təhsil mütəxəssisi Anna Berdzenadze, İstanbul Aydın Universitetinin müəllimi, Beynəlxalq Oyun Assosiasiyasının Türkiyə təmsilçisi Belma Tuğrul, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində erkən inkişaf təhsili üzrə rəhbər Nigina Müzəffərova, Türkiyənin Məktəbəqədər Təhsilin İnkişafı Dərnəyinin sədr müavini, Çankırı Karatekin Universitetinin müəllimi Nihan Feyman Gök, Vaşinqton Universitetinin Braun sosial iş və ictimai səhiyyə fakültəsinin müəllimi, Sosial İnkişaf Mərkəzinin baş elmi işçisi Aytəkin Hüseynli təqdimatla çıxış ediblər.
Qeyd edək ki, beynəlxalq konfrans “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”sindən irəli gələn vəzifələri əsas götürür.