“Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” layihəsinin ekspertləri 227 nömrəli məktəbə səfər ediblər

Tarix: 13.12.2023
Paylaş:

Dekabrın 6-da “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində layihənin üçüncü komponentinin eksperti Boris Curkoviç və baş eksperti Maya Jukiç Bakı şəhəri 227 nömrəli tam orta məktəbə səfər ediblər. Ekspertlər Təhsil İnstitutunun (ARTİ) Metodik dəstək və peşəkar inkişaf mərkəzinin (MDPİM) əməkdaşları ilə birlikdə məktəbəsaslı metodik xidmətin aparılması prosesinin gedişatına ümumi baxış keçiriblər.

Sözügedən səfər zamanı dərsdinləmələr aparılıb, məktəbin idarəetmə və pedaqoji heyəti metodbirləşmə rəhbərləri ilə görüşlər keçirilib. Xarici ekspertlər məktəbin ümumi vəziyyəti ilə tanış olub və onları maraqlandıran əsas mövzu olan məktəbdaxili metodik xidmətin məktəbdə hansı ardıcıllıqla aparılması haqqında müzakirələr aparıblar. Bununla yanaşı, müəllimlərin peşəkar inkişafı və onlara metodik dəstəyin göstərilməsi istiqamətində gözləntilərini ifadə edib, fəaliyyət planı barədə məlumat veriblər. Mövcud vəziyyətin təhlili, beynəlxalq təcrübə ilə müqayisə, fikir mübadiləsinin aparılması məqsədilə təşkil edilən müzakirələrdə ibtidai sinif müəllimlərinin dərsin təşkili zamanı diqqət yetirməli olduqları məqamlar vurğulanıb, eləcə də dərsləri dinlənilən müəllimlərin dərsdinləmələrlə bağlı nəticələri məktəbin pedaqoji heyəti ilə birlikdə təhlil olunub.

Daha sonra Maya Jukiç və Boris Curkoviç Xorvatiya, Bosniya və Herseqovinada müəllimlərin peşəkar inkişafı ilə bağlı görülən işləri diqqətə çatdırıblar.

Növbəti aylarda xarici ekspertlərin təcrübəsinin digər məktəblərlə də paylaşılması və bu kimi görüşlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ARTİ-nin benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi 2023-cü ildən ölkəmizdə fəaliyyətə başlayıb.

Layihənin əsas məqsədlərindən biri müəllimlərin işə qəbul prosesi, onların peşəkar inkişafı, metodik dəstəyin göstərilməsi, sertifikatlaşdırma və davamlı qiymətləndirilməsi üzrə Avropa İttifaqı və inkişaf etməkdə olan ölkələrin təcrübəsi ilə tanış olmaq, bu sahədə Azərbaycanda mövcud təcrübəni təhlil etmək, müəllimlərin peşəkar inkişafı və metodik dəstək konsepsiyasının strukturunu müəyyənləşdirmək, həmçinin müasir metodik xidmətin qurulması və müəllimlərin peşəkar inkişafını təmin etməkdir.