Metodist hazırlığının son mərhələsi üzrə təlimlərə start verilib

Tarix: 19.12.2023
Paylaş:

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən məktəblərdə metodik xidmətin təşkili ilə əlaqədar metodist hazırlığı istiqamətində keçirilən təlimlərin son mərhələsinə başlanılıb.

Əsasən praktik formada təşkil edilən təlimlərin budəfəki müzakirə mövzusu “Diferensial yanaşma” və “Sinfin idarə olunması” olub.

Təlim prosesində müdavimlərin tənqidi və yaradıcı düşünmə bacarıqları, yaradılan situativ problemlərə yanaşmaları, bunun əsasında problem həlletmə bacarıqları və fikrin arqumentlərlə əsaslandırılması məsələlərinə diqqət yetirilib.

Müdavimlər sinfin idarə olunması ilə bağlı tədris prosesində rastlaşdıqları çətinlikləri bölüşüblər və onların aradan qaldırılmasına dair mümkün həll yolları təklif olunub. Təlim zamanı həmçinin sinfin effektiv idarə olunmasının öyrənmə prosesinə təsiri barədə geniş müzakirələr aparılıb. Belə ki, gözlənti, qayda, fəaliyyətlərin şagirdlərlə birlikdə hazırlanması, eləcə də tətbiqi və təlim nəticəsinə çatmaqda onun üstünlüklərinə dair fəaliyyətlər həyata keçirilib.

Təlim prosesində müəllimlər həmçinin hər bir şagirdin fərdiliyi və intellektin inkişaf etdiriləbilən olması haqqında müzakirələr aparıb, müxtəlif intellekt tipinə sahib məktəblilər üçün tapşırıq nümunələri hazırlayıblar.

Təlimlər zamanı müdavimlərə formalaşdırılan bacarıqların daha da möhkəmləndirilməsi üçün praktiki və situativ tapşırıqlarla yanaşı, bu səriştələrin dərs prosesində tətbiqi kimi fəaliyyətlər verilib.

Qeyd edək ki, metodist hazırlığı təlimləri təhsilalanların metodiki və pedaqoji bacarıqlarının inkişaf etdirilməsi, onlara bu istiqamətdə dəstək göstərilməsi məqsədilə ARTİ MDPİM tərəfindən təşkil olunmuş tədbirlər planı əsasında həyata keçirilir.

Metodist hazırlığının ilkin mərhələsində elan əsasında seçilən müvafiq namizədlərlə müsahibələr aparıldıqdan sonra sentyabr ayından onlara metodika və pedaqogika üzrə təlimlər keçirilir.