Təhsil İnstitutu Məktəbin İnkişaf Planının reallaşdırılması çərçivəsində təlimləri davam etdirir

Tarix: 20.12.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində təlimləri davam etdirir.

Bu məqsədlə 11–15 dekabrda Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbdə “Planlaşdırma” mövzusunda təlim keçirilib.

Təlimin təşkilində məqsəd müəllimlərin illik və gündəlik planlaşdırmanın tərtibi istiqamətində səriştəliliyinin artırılması və praktik bacarıqlarının tətbiqidir.

Təlim müddətində perspektiv və gündəlik planlaşdırmanın məqsədi, hazırlanması yolları ilə bağlı müzakirələr aparılıb, eyni zamanda müəllimlər dərsin təlim nəticəsinin düzgün müəyyənləşdirilməsi texnikaları, qiymətləndirmə meyarlarının dərsin məqsədinə müvafiq hazırlanması, həmçinin öyrənmə fəaliyyətinin təlim nəticəsinə uyğun səmərəli təşkili ilə bağlı praktik məşğələlərdə biliklərini tətbiq ediblər. Bununla yanaşı, təlimdə müxtəlif təfəkkür səviyyələrinə əsasən tapşırıq nümunələrinin hazırlanması, müvafiq iş üsulları və formalarının seçilməsi qaydaları müzakirə olunub.

Təlim ərzində müəllimlər həmçinin öyrəndiklərini tətbiq etməklə gündəlik planlaşdırma nümunəsi hazırlayıblar.

Qeyd edək ki, ARTİ MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə MİP-in reallaşdırılması çərçivəsində təlimlərin təşkili nəzərdə tutulur.