Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən məktəblərdə metodik xidmətin təşkili ilə əlaqədar metodist hazırlığı istiqamətində təlimlər başa çatıb.
Metodist hazırlığının son mərhələsi üzrə keçirilən təlimlər nəzəri və praktikyönümlü təşkil edilib. Belə ki, müdavimlər müxtəlif mövzularla əlaqədar müzakirələrdə öz bilik və bacarıqlarını sərgiləyiblər. Təlimlərin budəfəki mövzuları “Diferensial yanaşma” və “Sinfin idarə olunması” olub.
Təlim prosesində müdavimlərin metodiki və pedaqoji bacarıqları, keçirilən təlimlər zamanı təfəkküryönümlü suallara münasibətləri və fikirlərinin düzgün ifadə olunması məsələlərinə diqqət yetirilib. Müdavimlər müzakirə mövzuları üzrə dərs prosesindəki təcrübələrini paylaşıb, həmçinin təlim prosesində təkmilləşdirilən mövzuları növbəti təlimlərədək tətbiq edərək nəticə ilə bağlı dəyərləndirmə aparıblar.
Təlim zamanı müəllimlər həmçinin hər bir şagirdin informasiyanı fərqli şəkildə qəbul etmələri barədə müzakirə aparıblar. Müzakirələrdə səmərəli öyrənmənin təmin edilməsi üçün şagirdlərin şəxsiyyət tipi, intellekt növü və öyrənmə tərzlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb, nümunələr təqdim edilib. Eyni zamanda müəllimlər özlərinin öyrənmə tərzlərini müəyyən etmək üçün müxtəlif fəaliyyətlər həyata keçiriblər.
Səmərəli öyrənmə prosesinin təşkili zamanı sinfin effektiv idarə olunmasının üstünlükləri barədə də geniş müzakirələr aparılıb. Belə ki, şagirdlərlə birlikdə sinif qaydalarının hazırlanması və tətbiqi, təlim nəticəsinə səmərəli şəkildə çatmağın üstünlüklərinə dair fəaliyyətlər həyata keçirilib.
Mövzuların müzakirəsı zamanı müdavimlər əvvəlki bilik və bacarıqlarını da dəyərləndiriblər. Təlim prosesində keçirilən mövzuların möhkəmləndirilməsi üçün onlara mövzular ətrafında daha geniş araşdırmanın aparılması və dərs prosesində tətbiq edilməsi kimi tapşırıqlar verilib.
Qeyd edək ki, metodist hazırlığı təlimləri təhsilalanların metodiki və pedaqoji bacarıqlarının inkişaf etdirilməsi, onlara bu istiqamətdə dəstək göstərilməsi məqsədilə ARTİ MDPİM tərəfindən təşkil olunmuş tədbirlər planı əsasında həyata keçirilib.
Metodist hazırlığının ilkin mərhələsində elan əsasında seçilən uyğun namizədlərlə müsahibə aparıldıqdan sonra sentyabr ayından onlara metodika və pedaqogika istiqamətində müxtəlif mövzularda təlimlər keçirilib.
Keçirilmiş təlimlərdə iştirak üçün müxtəlif ümumi təhsil müəssisələrindən 1 407 nəfər müraciət etmiş, tələblərə cavab verən 837 nəfər müsahibə mərhələsinə dəvət olunmuşdur. 450 nəfər təhsil işçisi 72 saatlıq metodist hazırlığı təlim proqramını uğurla bitirmişdir. Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təlimi bitirmiş şəxslər ümumi təhsil müəssisələrində müasir metodik xidmət fəaliyyətinə cəlb olunmuşdur.