Təhsil İnstitutu təkmilləşdirilməkdə olan coğrafiya fənn kurikulumunun müzakirəsini təşkil edib

Tarix: 26.12.2023
Paylaş:

Təhsil İnstitutu 18 dekabrda təkmilləşdirilməkdə olan coğrafiya fənn kurikulumunun müzakirəsini təşkil edib. Müzakirədə Dövlət İmtahan Mərkəzi, AMEA-nın Coğrafiya İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universitetinin coğrafiya fənni üzrə ekspertləri iştirak edib.

Müzakirədə Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov təkmilləşdirmə prosesi haqqında məlumat verərək coğrafiya fənn kurikulumunun işçi qrupunun üzvlərini auditoriyaya təqdim edib. İşçi qrupunun üzvü Şərafət Hüseynli coğrafiya fənninin məzmununun təkmilləşdirilməsini zəruri edən əsas amillər barədə auditoriyanı məlumatlandırdıqdan sonra müzakirə açıq elan edilib, iştirakçıların rəy və təklifləri dinlənilib və müvafiq qeydlər götürülüb. Müzakirədə onlayn iştirak edən türkiyəli mütəxəssis Servet Karabağ da görülən işlərə münasibət bildirərək bəzi sualları cavablandırıb.

Təkmilləşdirmədə məzmunun dəyər və davranışa çevrilməsinin hədəflənməsi, beynəlxalq kurikulumlara uyğunlaşdırılması, məzmun xətlərində və standartlarında edilən yeniliklər iştirakçılar tərəfindən müsbət qiymətləndirilib. Ekspertlərin əksəriyyəti təkmilləşdirilən kurikulumun uğurlu olmasının gələcəkdə yeni məzmuna əsasən yazılacaq dərsliklərdə bu məzmunun düzgün ehtiva olunmasından və bu fənni tədris edən müəllimlərin peşəkarlıq səviyyəsindən asılı olduğunu xüsusilə vurğulayıb.