“Azercell Cup” qaliblərinin mükafatlandırma tədbiri keçirilib

Tarix: 27.12.2023
Paylaş:

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təşkil edilən və “Azercell Telekom” MMC tərəfindən dəstəklənən “Azercell Cup” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

1000-dən çox 6-8-ci sinif şagirdlərinin qatıldığı müsabiqədə informatika fənni üzrə xüsusi bilikləri ilə fərqlənərək birinci, ikinci və üçüncü yeri qazanan 30 iştirakçı lider mobil operator tərəfindən medal, sertifikatlar və dəyərli hədiyyələrlə təltif edilib.

Tədbirdə Təhsil İnstitutunun əməkdaşları, məktəbliləri olimpiadalara hazırlayan müəllim heyəti və təlimlərdə fəal iştirak edən nüfuzlu universitetlərin tələbələri də iştirak ediblər.

“Azercell Cup” müsabiqəsinin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaq, onların fərdi və elmi inkişafına töhfə verməkdir. Yüksək nəticələr göstərən iştirakçılar Təhsil İnstitutu tərəfindən təşkil edilən Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində keçirilən hazırlıq proqramlarında iştirak etmək imkanı qazanıb, onlardan bəziləri ölkəmizi ötən təqvim ilində bir sıra beynəlxalq müsabiqələrdə təmsil ediblər.

2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlıq keçən məktəblilərimiz ölkəmizi müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla təmsil edərək 3 qızıl, 14 gümüş və 37 bürünc olmaqla ümumilikdə 54 medal əldə ediblər.