ARTİ tərəfindən məktəb psixoloqlarına təlim keçirilib

Tarix: 12.01.2024
Paylaş:

10 – 12 yanvar tarixlərində Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində psixoloqlar üçün “Məktəbdə psixoloji işin təşkili” mövzusunda təlim təşkil olunub.

Təlimin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində dəstəkləyici və emosional-psixoloji mühitin təmin edilməsi baxımından psixoloji işin təşkili üzrə məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılmasıdır.

Təlimdə MİP-in fəaliyyətlərinin icra olunduğu təhsil müəssisələri – 91, 111, 162, 238, 242, 260, 265, 276 və 284 nömrəli tam orta məktəblər üzrə psixoloqlar iştirak ediblər.

Təlim nəzəri və praktiki fəaliyyətlər üzrə təşkil edilib. Təlim prosesində məktəb psixoloqları ilə müzakirə olunan istiqamətlər zorakılıq və kateqoriyaları, şagirdlərdə müşahidə olunan davranış pozuntuları, fiziki və davranış göstəricilərinə əsasən onların psixoloji vəziyyətinin müəyyən edilməsi, sosiallaşma ilə bağlı çətinliklər, akademik göstəricilərdə yaranmış dəyişikliklərin araşdırılması, psixososial müdaxilələr zamanı yardım protokollarının yazılması məsələləri üzrə olub. Müzakirə zamanı psixoloqlar qeyd olunan məsələlərə dair təcrübələrini paylaşıb, qarşıya çıxan problemlərlə bağlı suallar ünvanlayıb, həmçinin problemin həll yollarını müəyyən ediblər.

Qeyd edək ki, MİP çərçivəsində şagird nailiyyətinin yüksəldilməsi məqsədilə idarəetmə və pedaqoji heyətin peşəkar inkişafı istiqamətində fəaliyyətlərlə yanaşı, psixoloqlarla işin təşkilinə dair mütəmadi olaraq görüşlərin keçirilməsi də planlaşdırılır.