“Azərbaycanda inklüziv təhsilin inkişafında müasir pedaqoji yanaşmalar və təcrübələr” mövzusunda dəyirmi masa təşkil edilib

Tarix: 15.01.2024
Paylaş:

BP-nin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində yanvarın 12-də “Azərbaycanda inklüziv təhsilin inkişafında müasir pedaqoji yanaşmalar və təcrübələr” mövzusunda dəyirmi masa təşkil edilib. Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında keçirilən dəyirmi masada aidiyyəti dövlət qurumlarının, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin, pilot inklüziv orta ümumtəhsil müəssisələrinin və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib.

Dəyirmi masa inklüziv cəmiyyətin inkişafında təhsilin və müəllim hazırlığının rolu, müəllimlərin bacarıqlarının artırılmasında dünyada və ölkəmizdə tətbiq olunan yeni təlim proqramları və digər aktual məsələlər ətrafında müzakirələr aparlması məqsədilə həyata keçirilib.

Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən inklüziv təhsilin inkişafı istiqamətində görülən işlərdən, ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlərə dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyinin yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında icra etdiyi layihələrdən danışılıb, görülən işlərin davamı olan bugünkü müzakirələrin əhəmiyyətinə diqqət çəkilib, “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində ali və ümumtəhsil müəssisələrində çalışan müəllimlərin inklüziv təhsil sahəsində potensialının və praktiki bacarıqlarının artırılması, məktəb icması və geniş ictimaiyyət arasında bu sahədə məlumatlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Layihə çərçivəsində türkiyəli ekspert, Yenilikçi Öğrenme Merkezinin təsisçisi Kayhan Karlı tərəfindən hazırlanmış yeni praktiki və proqressiv təlim modulunun təhsil müəssisələrində inklüziv mühitin təkmilləşdirilməsinə verəcəyi töhfə, layihə əsasında keçirilmiş təlimçilər üçün təlim proqramı və s. bu kimi məsələlərdən danışılıb.

Türkiyəli ekspert Kayhan Karlı iştirakçılara “Təhsil sisteminin inkişafı və inklüziv təhsilin əhəmiyyəti” mövzusunda təqdimat edərək dünya üzrə təhsil sistemində baş verən dəyişikliklər və inkişaf, inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti, inklüziv təhsil sisteminə keçid prosesində imkanlar və çağırışlar, dünyada mövcud uğurlu inklüziv təhsil sistemi modelləri, bu sahədə Azərbaycan təhsil sistemində tədbiq edilə biləcək modellər və strateji yanaşmalar, təhsildə texnologiya və rəqəmsallaşmanın rolu, ölkəmizdə rəqəmsal təhsil proqramları və potensialları, xüsusi təhsil və fərqliliklərin nəzərə alınması, bu istiqamətdə şagirdlərə yönəlmiş strategiyalar, müxtəlifliliyi nəzərə alan təhsil siyasətləri, müəllimlərin peşəkar inkişafı və inklüziv təhsildə rolu, situasiya çalışmaları və uğurlu nəticələr, gələcək perspektivlər və bu kimi məsələlər üzrə ətraflı məlumat verib.

Tədbir təhsildə inklüziv mühitin inkişafı və bu sahədə görülən işlər, ehtiyaclar və onların təmin edilməsi üçün atılacaq növbəti addımlar barədə müzakirələrlə davam edib.