19 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Giriş sözü ilə institutun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev tədbiri açıq elan edib. Faciə qurbanlarının, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra məruzə etmək üçün institutun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılova söz verilib. İntiqam Cəbrayılov tədbirdə “20 Yanvar faciəsi-tariximizin qəhrəmanlıq səhifəsi” mövzusunda təqdimatla çıxış edib. O, 20 Yanvar faciəsinin səbəbləri, nəticələri barədə tədbir iştirakçılarına məlumat verib, bu hadisəni həm də xalqımızın qəhrəmanlıq tarixinin unudulmaz səhifəsi kimi dəyərləndirib. Qan yaddaşımıza əbədi həkk olunan bu tarix nəsillərin milli ruhunun formalaşmasında həmişə mühüm rol oynadığını və gələcəkdə də unudulmayacağını bildirib.
Tədbirdə institut əməkdaşları məruzə ətrafında çıxış ediblər.