Təhsil İnstitutunun əməkdaşları British Council tərəfindən təşkil olunmuş “Researcher Connect Training”də iştirak ediblər

Tarix: 19.01.2024
Paylaş:

Yanvarın 18-də “Researcher Connect Online” proqramını uğurla bitirən iştirakçıların mükafatlandırma mərasimi keçirilib.

İlk dəfə keçirilən bu təlimdə Təhsil İnstitutunun əməkdaşları da uğurla iştirak edib, sertifikata layiq görülüblər. Dekabrın 12-dən 22-dək keçirilən təlimə 200-dən çox tədqiqatçı müraciət edib, onlardan 30-u proqramda iştirak etmək üçün seçilib. Təhsil standartları və proqramları şöbəsinin mütəxəssisi Dünya Əhmədova, Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin böyük elmi işçisi Sevinc Kərimova, Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin böyük elmi işçisi Ayşən Rəsulova Azərbaycandan seçilən 30 tədqiqatçının arasındadır.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld nitqinə Azərbaycan dilində başlayaraq təlim iştirakçılarını təbrik edib və təlimi uğurla bitirənlərə sertifikatlar təqdim edib.

Tədbirdə Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat olan “British Council”ın Azərbaycandakı direktoru Nərgiz Hacıyeva da iştirak etmiş, iştirakçılara uğurlar arzulamışdır.