AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində görüşlər davam edir

Tarix: 08.02.2024
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri 26-27 yanvar tarixlərində baş tutub.

Təlimin keçirilməsində əsas məqsəd 4-cü və 6-cı siniflər üçün Milli Qiymətləndirmə İmtahan Çərçivələrini müzakirə etmək, Milli Qiymətləndirmə Çərçivəsi layihəsini yekunlaşdırmaq, sual xüsusiyyətləri və hazırlanması ilə bağlı imtahan nəzəriyyəsinin əsaslarını təqdim etmək və 6-cı sinif üçün milli qiymətləndirmə anketi hazırlamaqdan ibarət olub.

Təlimlərdə spiker qismində layihənin baş ekspertləri Maya Yukiç və Srdcan Verbiç çıxış edib. Görüş zamanı Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva isə 4-cü və 6-cı siniflərdə qiymətləndirmə imtahanlarının keçirilməsi qaydaları üzrə çərçivə sənədini təqdim edib. Təlim boyunca iştirakçılar Milli Qiymətləndirmə Çərçivəsi layihəsi barədə müzakirə etmiş, eləcə də imtahan suallarının hazırlanma texnikaları ilə yaxından tanış olaraq sualların hazırlanması üzrə fikir mübadiləsi edərək təkliflər irəli sürüblər.

Əlavə olaraq, qiymətləndirmə imtahanlarına sual hazırlayan ekspertlər üçün də yeni tərkibdə alt işçi qrupu yaradılıb və onların təlim görüşləri isə 2-3 fevral tarixində baş tutub. Təlim boyunca iştirakçılar imtahan strukturuna, layihəsinə və kataloquna dair qrup işləri aparıb, 4-cü və 6-cı siniflər üçün Milli Qiymətləndirmələrin Çərçivələrini müzakirə edərək sual şablonu və yoxlama siyahısına dair məşğələlər, sualların yazılması üzrə tapşırıqlar həyata keçiriblər. Təlimlərin sonunda iştirakçılar metodoloji cəhətdən düzgün sualların hazırlanması texnikaları üçün nəzəri biliklərin formalaşdırılması barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, sözügedən alt işçi qrupuna 24 nəfər cəlb olunub.