44 ümumi təhsil müəssisəsində metodik işin təşkili üzrə fəaliyyətə başlanılıb

Tarix: 09.02.2024
Paylaş:

2024-cü ilin fevral ayından etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin tabeliyində olan 44 tam orta məktəbdə metodik işin təşkilinə başlanılıb. Bakı şəhəri və regionlar üzrə məktəblərə təyin olunmuş metodistlərin hazırlıq mərhələsi başa catdıqdan sonra onların metodistlik fəaliyyətinə start verilib.

Ümumi təhsil müəssisələrində metodik işin təşkili ilkin olaraq ibtidai və Azərbaycan dili fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulub.

Müəllimlərlə tanışlıqdan sonra metodistlərin ilk fəaliyyəti dərslərin müşahidəsinin təşkili olub. Dərsdinləmələrin məqsədi növbəti fəaliyyətləri təşkil etmək üçün müəllimlərin təlim ehtiyaclarını müəyyən etməkdir. Belə ki, müəllimlərin metodiki və pedaqoji bilik və bacarıqları meyarlara əsasən dəyərləndirilir və onlara fərdi rəy verilir. Növbəti addımda əldə olunan nəticələrə əsasən müəllimlər üçün digər fəaliyyətlərin həyata keçirilməsi nəzərədə tutulub. Müəyyən müddət ərzində metodistlərin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi prosesinin təşkili də planlaşdırılır.

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə həyata keçirdiyi “Müasir metodik xidmətin təşkili”nin əsas məqsədi şagird nailiyyətinin yüksəldilməsi ilə üçün təhsilverənlərin metodiki və pedaqoji bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.