Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində müxtəlif imtahanlar üçün tapşırıqların hazırlanması metodikası ilə bağlı 29-30 yanvar 2024-cü il tarixlərində müəllimlərlə ilk təlim görüşü baş tutub.
Təlimin keçirilməsində əsas məqsəd iştirakçıları tapşırıq hazırlamaq xüsusiyyətləri ilə bağlı imtahan nəzəriyyəsi, müxtəlif imtahan çərçivələri ilə tanış etmək eləcə də müvafiq imtahanlara uyğun suallar hazırlamaqdan ibarət olub. Təlim boyunca iştirakçılar imtahan hazırlanması prosesi sahəsində beynəlxalq təcrübə ilə yaxından tanış olaraq sualların hazırlanması üzrə təcrübə əldə ediblər. Yeni yaradılan bu alt işçi qrupuna 36 nəfər cəlb olunub.
Əlavə olaraq, layihə çərçivəsində “Müəllimlərin idarəolunması” qrupunun 8-ci təlim görüşləri 31 yanvar və 5 fevral 2024-cü il tarixlərində baş tutub. Təlim zamanı müəllimlərin işə qəbulu, peşəyə giriş, davamlı qiymətləndirilməsi, sertifikatlaşdırılması və karyerada irəliləməsi üzrə Strateji Çərçivənin layihəsi barədə müzakirə aparılıb və onun həyata keçirilməsi üçün yol xəritəsinin üzərində praktiki iş görülüb.