Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi MİP ( Məktəbin İnkişaf Planı) çərçivəsində məktəblərdə fənn müəllimlərinin fəaliyyətini monitorinq edib.
Artıq 2022-ci ildən başlayaraq orta məktəblərdə Məktəbin İnkişaf Planının (MİP) icrası istiqamətində bir sıra fəaliyyətlər həyata keçirilir. 3 il müddətində məktəblərdə reallaşdırılması nəzərdə tutulan MİP-in ilk ili müəllimlərin peşəkar inkişafı üzrə bir sıra fəaliyyətləri əhatə edib. Belə ki, MİP çərçivəsində məqsədə və hədəfə çatmaq istiqamətində müəllimlərin metodiki və pedaqoji ehtiyaclarına uyğun təlimlər, seminarlar, vebinarlar, metodik görüşlər, eləcə də dərsdinləmələr təşkil edilib.
2023-2024-cü tədris ili orta məktəblərdə dəstəkləyici mühitin inkişafına dair fəaliyyətlərə həsr olunub. Belə ki, məktəblərdə sosial-psixoloji mühitin yaradılmasına, şagirdlərin fiziki və mənəvi təhlükəsizliyinin təmin olunmasına, eləcə də idarəetmə heyətinin fəaliyyətinin təkmilləşdirilməsinə dair fəaliyyətlər dəstəkləyici mühitin inkişafının əsas istiqamət və hədəflərinə daxil edilib. Belə ki, orta məktəblərdə fənn müəllimləri və idarəetmə heyəti tərəfindən metodik görüşlər təşkil edilib və qeyd olunan fəaliyyətlərlə bağlı müzakirələr aparılıb. Bu prosesin dəyərləndirilməsi məqsədilə 13-15 fevral 2024-cü il tarixində ARTİ MDPİM tərəfindən 301, 35, 178 nömrəli tam orta məktəblərdə monitorinq keçirilib. Monitorinqin əsas məqsədi MİP çərçivəsində həyata keçirilən fəaliyyətlər üzrə müəllimlərin bilik və bacarıqlarının ölçülməsi olub. Monitorinq əsasən ibtidai təhsil və tam orta təhsil səviyyəsində Azərbaycan dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilib.
Dərsdinləmə prosesindən sonra müəllimlərə fərdi rəylər verilib, eləcə də pedaqoji və idarəetmə heyəti ilə birgə ümumi məsələlər barədə müzakirə aparılıb.
Qeyd edək ki, növbəti günlərdə digər məktəblərdə də müəllimlərin fəaliyyətlərinin monitorinqinin keçirilməsi nəzərdə tutulub.