Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Kurikulum hazırlanması” üzrə işçi qrupunun ilk təlim görüşləri 8, 9, 12 və 13 fevral 2024-cü il tarixlərində baş tutub.
Təlimlərdən əvvəl iştirakçılar arasında təlim ehtiyaclarının qiymətləndirilməsi məqsədilə sorğu keçirilib, sorğu əsasında bacarıqların artırılması təlim proqramı hazırlanıb. Təlimin keçirilməsində əsas məqsəd təlim proqramını iştirakçılara təqdim etmək, qrupun iş metodu ilə bağlı razılıq əldə etmək, səriştə əsaslı kurikulumla iştirakçıları tanış etmək, təlim iştirakçılarının Blum taksonomiyası əsasında təlim nəticələrinin yazılması üzrə bacarıqlarını təkmilləşdirmək və təlim nəticələrinə nail olmaq üçün müxtəlif tədris və öyrənmə üsullarını tətbiq etməkdən ibarət olub.
Təlimlərdə spiker qismində layihənin ekspertləri Maya Yukiç və Boris Curkoviç çıxış edib. Təlim boyunca iştirakçılar Avropa İttifaqı istinad çərçivəsinin (EU Referencing framework) 8 əsas səriştələri haqqında məlumat alaraq, həmin səriştələrin kurikuluma inteqrasiyası barədə biliklər əldə ediblər.
Qeyd edək ki, sözügedən təlimlərə 49 nəfər cəlb olunub.