“Məktəbəqədər təhsilin təşkili strategiyaları” mövzusunda dəyirmi masa keçirilib

Tarix: 16.02.2024
Paylaş:

Müasir dövrdə məktəbəqədər təhsilin səmərəli təşkili və onun nəticəliliyi pedaqoji prosesin təşkilində düzgün strategiyanın müəyyənləşdirilməsindən çox asılıdır. Düzgün strategiyanın müəyyənləşdirilməsi, işin səmərəli təşkili və bu zaman irəli sürülən tələblərin nəzərə alınması məktəbəqədər təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Düzgün strategiya ilə tərbiyəçi-müəllim təhsil proqramının reallaşdırılmasına hazırlığı (pedaqoji vəzifələri, mövzunu, vaxtı müəyyən edir) həyata keçirir.

Məktəbəqədər təhsilin yeniləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsi silsilə maarifləndirici tədbirlər təşkil edir. Sözügedən fəaliyyətə dəstək olmaq məqsədilə şöbə əməkdaşlarının iştirakı ilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 285 saylı körpələr evi-uşaq bağçasında rayonun tərbiyəçi-müəllimləri ilə “Məktəbəqədər təhsilin təşkili strategiyaları” mövzusunda dəyirmi masa keçirilib. Tədbir zamanı məktəbəqədər təhsilin səmərəli təşkili və səmərəli strategiyaların müəyyənləşdirilməsi, təlim prosesinin planlaşdırılması, təlimin təşkilinə və idarə olunmasına yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılıb, tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.