Ümumtəhsil məktəblərində ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən reallaşdırılan Məktəbin İnkişaf Planının (MİP) məqsəd və hədəfləri istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirilir.
Məktəblərdə peşəyönümlü xidmətin təşkilinin şagirdlərin gələcək həyatlarında peşə seçimi istiqamətində əhəmiyyətli rolu var. Belə ki, şagirdlər ümumtəhsil məktəblərində akademik bilik və bacarıqlara yiyələndikləri kimi, peşəyönümlü fəaliyyətlərə də cəlb olunurlar. Həm akademik, həm də peşəyönümlü bilik və bacarıqlara yiyələnməklə şagirdlərdə XXI əsr bacarıqları inkişaf etdirilir və onlar real həyata hazırlanır.
Bu məqsədlə Təhsil İnstitutunun Əlaqələndirmə və Peşə və ömürboyu təhsil şöbəsinin birgə əməkdaşlığı ilə 14-15 fevral 2024-cü il tarixlərində 51, 242, 227, 260 nömrəli məktəblərdə 8 və 9-cu sinif şagirdlərinə “Peşə seçiminin əhəmiyyəti” mövzusunda interaktiv təlim keçirilib. Təlimin əsas məqsədi şagirdlərin peşə təhsili barədə maarifləndirilməsi və onların düzgün peşə seçiminə təşviq edilməsi olub. Təlimin mövzusu peşə təhsilinin insan həyatındakı rolunu, peşə seçiminə təsir edən amilləri, düzgün peşə seçimində diqqət ediləcək əsas məqamları, əmək bazarını və karyeranı, peşələri, peşələrin tədris olunduğu müəssisələri barədə məlumatları əhatə edib. Eləcə də şagirdlərə peşə məktəblərinin nailiyyət əldə edən məzunları barədə məlumat verilib, təlim prosesində bu mövzuları əhatə edən videoçarxlar nümayiş etdirilib. Şagirdlərlə mövzu ətrafında qrup fəaliyyətləri həyata keçirilib. Təlimçi qismində ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşları Səlimə Quliyeva, Mehriban Eyvazova, Günel Fərəcova iştirak edib. Təlimin sonunda proses zamanı aktiv olan şagirdlərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, peşə seçimi, gələcəkdə karyera yüksəlişini təmin etmək məqsədilə maarifləndirmə fəaliyyətinin MİP tətbiq edilən digər məktəblərdə də təşkil olunması nəzərdə tutulub.