Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində fəaliyyətlər davam etdirilir

Tarix: 19.02.2024
Paylaş:

Ümumi təhsil müəssisələrində şagird nailiyyətinin yüksəldilməsi məqsədilə ARTİ MDPİM tərəfindən 2022-2023-cü tədris ilindən reallaşdırılmağa başlanılan Məktəbin İnkişaf Planı (MİP) 3 ili əhatə edir. MİP-in ilk ili müəllimlərin və məktəb rəhbərliyinin peşəkar inkişafına, 2-ci ili məktəbin dəstəkləyici mühitinin qurulmasına, 3-cü ili isə şagird nailiyyətinin inkişafına həsr olunub. Məqsəd şagird nailiyyətinin inkişafı istiqamətində məktəblərdə pedaqoji və idarəetmə heyətinin peşəkar inkişafı, müəllimlər arasında öyrənmə mühitinin formalaşdırılması, özünüqiymətləndirmə mühitinin yaradılması, sağlam-psixoloji mühitin qurulması olub.

MİP-in tətbiq edildiyi ilk 9 məktəbdə prosesin effektiv icra olunması üçün ARTİ MDPİM tərəfindən icra mexanizmi hazırlanıb və hazırda bu məktəblərdə tətbiq edilir. Belə ki, MİP-in reallaşdırılmasının ilk ilində ARTİ MDPİM-in əməkdaşlarından ibarət komanda bilavasitə metodik xidmət prosesini təşkil edib, növbəti illərdə ARTİ MDPİM tərəfindən koordinasiyası ilə məktəblərin pedaqoji və idarəetmə heyəti tərəfindən proses davam etdirilir.

Belə ki, hazırda məktəblərdə MİP çərçivəsində dəstəkləyici mühitin qurulması istiqamətində fəaliyyətlər həyata keçirilir. Müəllimlərlə metodiki görüşlər təşkil edilir, informasiya mübadiləsi aparılır. Bundan əlavə, müəllimlər hazırladıqları fərdi iş planına əsasən metodiki və pedaqoji ehtiyaclarını müəyyən edir və bu istiqamətdə peşəkar inkişaf ilə məşğul olurlar.

ARTİ MDPİM-in metodik dəstək komandası tərəfindən bu proseslər koordinasiya olunur və müəllimlərə metodik dəstək göstərilir. Belə ki, müəllimlərlə metodika və pedaqogika üzrə bir sıra bir sıra fəaliyyətlər icra edilir: metodiki və pedaqoji ehtiyaclara uyğun təlim proqramları, seminarlar, vebinarlar, metodik görüşlər təşkil edilir. Mütəmadi olaraq görüşlər keçirilir, müəllimlərlə müxtəlif mövzularda müzakirələr aparılır, sualları cavablandırılır, qarşıya çıxan problemlərin həllinə dəstək göstərilir. Müəllimlərin peşəkar inkişafı üzrə həyata keçirilən fəaliyyətlərin ölçülməsi məqsədilə bütün fənn müəllimləri üçün dərsdinləmələr təşkil edilir, onlara fərdi və ümumi rəy verilir.

Qeyd edək ki, MİP məktəblərində müəllimlərin metodiki və peşəkar inkişafında irəliləyiş müşahidə olunur.