VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsində məktəblilərimizin uğuru

Tarix: 19.02.2024
Paylaş:

Rumıniyada məktəblilərin onlayn formatda VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsində şagirdlərimiz 1 qızıl və 1 bürünc medal qazanıblar.

9-18 fevral 2024-cü il tarixində Rumıniya Respublikasında məktəblilərin VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsi təşkil edilib. 13 ölkədən 135 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıblar. Məktəblilərimiz müsabiqəyə Bakı Avropa Liseyinin kompüter laboratoriyalarından qatılıblar.

Akademik Z.Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüblər. Qeyd edək ki, bu, sözügedən yarışda məktəblilərimizin qazandığı ilk qızıl medaldır. Bu günə qədər məktəblilərimiz həmin müsabiqədən 3 gümüş və 3 bürünc medal qazanıblar.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 59 medal əldə ediblər.