Azərbaycan Təhsil Araşdırmaları Assosasiyasının əsasının qoyulması (AzERA) və Avropa Təhsil Araşdırmaları Assosasiyasına (EERA) üzvlüyünün elan olunması ilə bağlı tədbir baş tutub

Tarix: 21.02.2024
Paylaş:

21 fevral tarixində ADA Universitetində Azərbaycanın bir neçə universitetini təmsil edən bir qrup təhsil tədqiqatçısının təşəbbüsü ilə Azərbaycan Təhsil Araşdırmaları Assosasiyasının yaradılması və Avropa Təhsil Araşdırmaları Assosasiyasına üzvlüyünün elan olunması ilə bağlı Avropa Təhsil Tədqiqatları Assosasiyasının prezidenti Professor Marit Honerød Hoveid və vitse-prezidenti Professor Lucian Ciolanın da iştirakı ilə görüş keçirilib.

Görüşdə Azərbaycanın təşkilatda təmsili və Avropa Assosasiyası ilə gələcək əməkdaşlıq müzakirə olunub. Tədbiri açıq elan edən Azərbaycan Təhsil Araşdırmaları Assosasiyasının prezidenti Cavid Cəfərov bu tədbir və Avropa Assosasiyası ilə gələcək əməkdaşlıq imkanları haqqında məlumat verib. Çıxışı zamanı o, qeyd edib ki, bütün Avropa ölkələrinin təhsil assosasiyalarını və təhsil icmasını bir araya gətirən Avropa Təhsil Araşdırmaları Assosasiyasına üzvlük Azərbaycanda təhsil sahəsində tədqiqat infrastrukturunun inkişaf etdirilməsi, Avropa təhsil assosasiyaları və universitetləri ilə geniş səpkili əməkdaşlığın yaradılmasına təkan verən bir hadisədir. Həmçinin, üzvlük əsasında fəaliyyət göstərəcək və təhsil sahəsində çalışan tədqiqatçıları bir araya gətirəcək Azərbaycan Təhsil Araşdırmaları Assosasiyası vasitəsilə bu assosasiyaya üzv olan tədqiqatçılar birbaşa Avropa Assosasiyasının üzvlük imkanlarından yararlana biləcəklər. C.Cəfərov Təhsil Araşdırmaları Assosasiyasının fəaliyyətini dəstəklədikləri üçün Təhsil İnstitutu və bugünkü tədbirə ev sahibliyi etdiyi üçün ADA Universitetinin rəhbərliyinə təşəkkür edib.

ADA-nın Akademik İşlər üzrə prorektoru Elkin Nurməmmədov qonaqları salamlayıb və ölkədəki insan kapitalının inkişafı üçün belə əməkdaşlığın önəmini vurğulayıb. Daha sonra ADA Universiteinin Strateji İnkişaf üzrə prorektoru Vəfa Kazdal Azərbaycanda təhsil tədqiqatlarında nailiyyətlər və boşluqlardan, ölkə iqtisadiyyatı və təhsili üçün bu kimi birgə cəhdlərin əhəmiyyətindən danışıb.

Azərbaycan Təhsil Araşdırmaları Assosasiyası ilə gələcək əməkdaşlığından ümidli və sevincli olduğunu qeyd edən Avropa Təhsil Araşdırmaları Assosasiyasının prezidenti Professor Hoveid Avropa Assosasiyasının təhsil araşdırmaları üzrə gördüyü işlərdən, təhsil araşdırmalarının cəmiyyətə necə töhfə verəcəyindən bəhs edib. Daha sonra Avropa Assosasiyasının vitse-prezidenti Professor Lucian təhsil tədqiqatçılarının beynəlxalq icmasına qoşulmaqla, ölkənin əldə edə biləcəyi vacib imkanlardan danışıb.

Qeyd edək ki, ADA, BDU, ADU, SDU, Xəzər Universiteti və Təhsil İnstitutunun bir sıra nümayəndələrinin iştirak etdiyi tədbir 21-22 fevral tarixlərini əhatə edəcək.