Öyrətmə və öyrənmə üzrə beynəlxalq sorğunun-TALIS 2024-ün əsas mərhələsinin təşkili davam edir. Tədqiqat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.
Əsas mərhələnin başlamasından indiki zamana qədər 205 məktəb üzrə 3861 müəllim sorğuda iştirak edib. Bu müəllimlərdən 3471-i Azərbaycan dilində, 390-ı isə rus dilində sorğunu tamamlayıb. İştirak edən məktəblərdən 190 dövlət, 15 özəl və 4 agentliyə tabeli müəssisə olub. Əlavə olaraq, fevral ayının 8-dən etibarən müəllimlər ilə birlikdə 204 məktəb rəhbəri də direktor sorğusunu tamamlayıb. İştirak edən direktorların 188-i Azərbaycan dilində, 16-sı isə rus dilində sorğunu tamamlayıb. Ümumilikdə iştirak etməsi nəzərdə tutulan müəllimlərin 89%-i, direktorların isə 92%-i sorğunu tamamlayıb.
Məlumat olaraq bildirək ki, beynəlxalq tədqiqatın əsas mərhələsi üzrə məlumatların toplanması prosesinin bu ilin fevral ayı ərzində tamamlanması planlaşdırılıb. Əsas mərhələdə ölkəmizdə 222 məktəb üzrə ümumilikdə 4000-dən çox müəllimin və 222 məktəb rəhbərinin iştirakı nəzərdə tutulub.
Əlavə olaraq qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2008-ci ildən etibarən hər beş ildən bir həyata keçirilən TALIS tədqiqatında ölkəmiz ilk dəfə iştirak edir. Tədqiqat müəllimlərin və məktəb rəhbərlərinin bir çox istiqamət üzrə fikir və baxışlarını öyrənməyi hədəfləyir. Belə ki, TALIS tədqiqatında iştirak edən müəllimlər və məktəb rəhbərləri aşağıda qeyd olunan istiqamətlər üzrə sualları cavablandırır:
• Müəllimlərin peşəkar inkişafı
• Müəllimlərin tədrisə dair baxışları
• Müəllimlərin işinin qiymətləndirilməsi
• İş yerində müəllimlərin və məktəb rəhbərlərinin qarşılaşdıqları problemlər
• Müəllimlərin və məktəb rəhbərlərinin idarəetmə haqqında fikirləri