Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərə “Peşə seçiminin əhəmiyyəti” mövzusunda seminar keçirilib

Tarix: 22.02.2024
Paylaş:

19-23 fevral 2024-cü il tarixlərində Məktəbin İnkişaf Planı (MİP) reallaşdırılan 18, 35, 91, 111, 265, 276, 284, 301 nömrəli məktəblərdə 8 və 9-cu sinif şagirdlərinə “Peşə seçiminin əhəmiyyəti” mövzusunda interaktiv təlim keçirilib. Təlim Təhsil İnstitutunun Əlaqələndirmə və Peşə və ömürboyu təhsil şöbəsinin birgə əməkdaşlığı ilə təşkil olunub. Təlimin əsas məqsədi şagirdlərin peşə təhsili barədə maarifləndirilməsi, onların düzgün peşə seçiminə təşviq edilməsi və peşə seçimində gələcək karyeraların qurulmasına dəstək olub. Təlimdə şagirdlərlə peşə təhsilinin insan həyatındakı rolu, peşə seçiminə təsir edən amillər, düzgün peşə seçimində diqqət ediləcək əsas məqamlar, əmək bazarı və karyera, peşələrin tədris olunduğu müəssisələr barədə müzakirələr aparılıb. Təlim prosesində bu mövzuları əhatə edən videoçarxlar nümayiş etdirilib. İnteraktiv şəkildə keçirilən təlimdə şagirdlərlə mövzu ətrafında qrup fəaliyyətləri həyata keçirilib, oyunlar təşkil olunub. Təlimçi qismində ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşları Gülnar Tahirli, Səlimə Quliyeva, Xəyalə Səftərova, Mehriban Eyvazova, Günel Fərəcova iştirak ediblər. Təlimin sonunda aktiv fəaliyyət göstərən şagirdlərə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, peşə seçiminin əhəmiyyəti ilə bağlı maarifləndirmə fəaliyyətinin MİP tətbiq edilən digər məktəblərdə də təşkil olunması nəzərdə tutulub.