Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş şagirdlərin nəzərinə!

Tarix: 28.02.2024
Paylaş:

 

28 fevral tarixindən etibarən Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər.

Buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə edilməsi ilə bağlı yaranan hər hansı çətinliklə əlaqədar şagirdlər təhsil aldıqları ümumtəhsil müəssisələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, 2023–2024-cü tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında dəyişikliklər edilib. Belə ki, VI sinif şagirdləri üçün müsabiqələr riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunacaq. Bununla yanaşı fənn müsabiqələrində şagirdlərə təqdim edilən məntiq bloku ləğv olunur. Belə ki, iştirakçılar sadəcə müvafiq fənn üzrə tapşırıqları həll edəcəklər. Müsabiqənin iki mərhələsi qapalı test tapşırıqları formatında, final mərhələ isə açıq tipli tapşırıqlardan ibarət olacaq.

Eyni zamanda V sinif şagirdləri üçün keçirilən Lütfi Zadə adına məntiq olimpiadası cari tədris ilindən “Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası” adlandırılacaq və şagirdlərə bu istiqamətdə müvafiq tapşırıqlar təqdim olunacaq. Hər üç mərhələ qapalı suallar formatında təşkil olunacaq.