”Karyera bələdçilərinin bacarıqlarının təkmilləşdirilməsi” ilə bağlı təlimlər başa çatıb

Tarix: 04.03.2024
Paylaş:

1 mart tarixində Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Karyera bələdçilərinin bacarıqlarının təkmilləşdirilməsi” ilə bağlı təlimlər başa çatıb.

Təlimlərin keçirilməsində əsas məqsəd təlim iştirakçılarının karyera rəhbərliyi haqqında anlayışlarını genişləndirmək, eyni zamanda tələbələrə effektiv şəkildə dəstək olmaq və onlara praktiki bacarıqlar vermək üçün nəzərdə tutulmuş kurikulumun təqdim edilməsini təmin etmək olub. Təlimin sonunda iştirakçılar təlim boyunca keçirilən mövzular əsasında (karyera rəhbərliyinin əsasları, özünüdərketmə, iş dünyasını kəşf etmək, dəyərlər, bacarıqların inventarlaşdırılması və s.) karyera bələdçiliyi ilə bağlı pilot siniflərdə tətbiqi nəzərdə tutulan fəaliyyət planının ilkin versiyasını təqdim ediblər.

Təlimlər layihənin eksperti Şahinaz Xəlil tərəfindən aparılıb. Təlim boyunca iştirakçılar multimedia təqdimatları, oyunlar, qarşılıqlı öyrənmə kimi interaktiv metodlarla karyera bələdçiliyinin inkişaf etdirilməsi çərçivəsində biliklərini artırıblar. 5 günlük təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.