Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat açıq elan edilir

Tarix: 11.03.2024
Paylaş:

7 aprel tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək. Müsabiqənin qeydiyyatı 11 mart 2024-cü ildən etibarən aktiv edilib.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər https://kenquru24.az/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Uzun illərdir ki, ölkəmizdə keçirilən bu müsabiqədə minlərlə şagirdə riyaziyyat fənni üzrə biliklərini yoxlama imkanı yaradılır. Müsabiqə şagirdlərin problem həlletmə bacarıqlarını, məntiqini və riyazi mülahizələrini yoxlayan qapalı tipli test tapşırıqlarından ibarətdir.

Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində “Həll edirik, öyrənirik, əylənirik” şüarı altında təşkil olunur.

1. Müsabiqə 2 mərhələdən ibarət olacaq.
2. Müsabiqədə iştirak edən bütün şagirdlərə iştirakçı sertifikatı təqdim ediləcək.
3. Hər sinif üzrə ən yaxşı nəticə göstərən 10% şagirdə diplom təqdim ediləcək.
4. Hər sinif üzrə 18 nəfər (3 qızıl, 6 gümüş və 9 bürünc medal olmaqla) şagird qalib elan ediləcək.
5. Təşkilat komitəsi tərəfindən qaliblərə ödənişsiz “Kenquru riyaziyyat” yay düşərgəsi təşkil ediləcək.
6. Birinci mərhələdə ən yaxşı nəticə göstərən 5% şagird final mərhələsinə vəsiqə qazanacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 90 dəqiqə davam edəcək. Müsabiqədə iştirak ödənişlidir. Şagirdlər yuxarıda qeyd edilən sayt vasitəsilə qeydiyyatdan keçməli və buraxılış vərəqəsini çap etməlidir.