Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı tədqiqatının – IELS 2025-in sınaq mərhələsi davam edir

Tarix: 13.03.2024
Paylaş:

 

Azərbaycanda ilk dəfə keçirilən IELS tədqiqatı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

8 fevral tarixində başlayan sınaq mərhələsinə bu günə qədər 40 müəssisə üzrə 511 uşaq cəlb edilib. Tədqiqatın sorğu mərhələsində isə 163 müəllim iştirak edib.

Məlumat olaraq bildirək ki, tədqiqatın sınaq mərhələsində Bakı və Sumqayıt şəhərləri üzrə ümumilikdə 40 məktəb və məktəbəqədər təhsil müəssisəsindən 600-ə yaxın 5 yaşlı uşağın iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, IELS 5 yaşlı uşaqların ilkin savadlılıq, özünütənzimləmə, özünüidarə, sosial, emosional və ilkin riyazi bacarıqlarını ölçən oyun əsaslı qiymətləndirmədir. Bundan əlavə, tədqiqatda uşaqların ev və erkən uşaqlıq təhsil mühitinin xüsusiyyətlərini araşdırmaq məqsədilə seçilmiş uşaqların müəllimləri və valideynləri onlayn və ya kağız əsaslı sorğuda iştiraka cəlb edilir.

Sınaq mərhəsi üzrə qiymətləndirmənin 15 mart tarixində tamamlanması planlaşdırılır. Müəssisələrdə qiymətləndirmə sessiyaları ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsi tərəfindən müsahibə əsasında seçilmiş məktəbəqədər təhsil sahəsində təcrübəli şəxslər tərəfindən həyata keçirilir.

Nəzərinizə çatdırmaq istəyirik ki, IELS tədqiqatının əsas mərhələsi 2025-ci ildə həyata keçiriləcək.