Son dövrlərdə təhsil sahəsində sadəcə bilik, bacarıqlar deyil, şəxsiyyətin inkişafında mühüm rol oynayan dəyərlər, səriştələr təhsilin keyfiyyət göstəriciləri kimi qiymətləndirilir. Məktəbəqədər təhsilin qarşısında duran mühüm vəzifələrdən biri də cəmiyyətə müasir dövrün tələblərinə uyğun daha hazırlıqlı, sağlam, intellektli və səmərəli fəaliyyət göstərmək qabiliyyətinə malik, müstəqil həyata hazır olan şəxslərin hazırlanmasıdır. Bu baxımdan, məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji kollektiv də öz işini bu vəzifələrin həyata keçirilməsi istiqamətində qurmağa çalışır.
Sözügedən fəaliyyətə dəstək olmaq məqsədilə Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşları tərəfindən “Azərbaycan Xəzər Dəniz gəmiçiliyi” QSC İstehsalat Xidmətlər İdarəsinin Xətai rayonunda yerləşən “Yelkən” körpələr evi və uşaq bağçalarının tərbiyəçi-müəllimləri ilə “Məktəbəqədər təhsilin yeni məzmunu və təşkili məsələləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbir zamanı məktəbəqədər təhsilin səmərəli təşkili və təlim prosesinə yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılıb, tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.