“Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin 1-ci komponenti çərçivəsində Master təlimçilər üçün təlim təşkil olunub

Tarix: 19.03.2024
Paylaş:

13, 14 və 15 mart tarixlərində Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin 1-ci komponenti çərçivəsində Master təlimçilər üçün 3 günlük təlim təşkil olunub. Təlimlərin əsas məqsədi Azərbaycan Milli Kvalifikasiya Çərçivəsi (AzMKÇ) 5-ci səviyyə ilə bağlı kurikulumların, tədris və öyrənmə materiallarının hazırlanması və təkmilləşdirilməsi üçün bacarıqların inkişaf etdirilməsidir.

Layihənin ekspertləri Dr.Rainer Gerke, Qənirə İsmayılova və Nərmin Şahbazovanın, o cümlədən klaster rəhbərlərinin iştirak etdiyi təlimlər orta ixtisas təhsili müəssissələri və peşə təhsili müəssisələrinin əməkdaşları (40 nəfər) üçün təşkil olunub. 

Üç gün davam edən təlimlərdə iştirakçılar AzMKÇ-nın 5-ci səviyyə kvalifikasiyalarının yaradılması ilə bağlı əsas konsepsiyalarla tanış olmaq, əmək bazarına əsaslanan modul kurikulumları hazırlamaq, səriştələrə əsaslanan öyrənmə ssenarilərini yaratmaq və effektiv qiymətləndirmə meyarlarını dizayn etmək üçün müxtəlif sessiyalarda iştirak ediblər. Materialın dərindən başa düşülməsini təmin etmək üçün beynəlxalq nümunələr və praktiki tapşırıqları özündə birləşdirən interaktiv sessiyalar təşkil olunub. Bu praktiki yanaşma AzMKÇ-nın 5-ci səviyyə deskriptorlarını praktiki öyrənmə vəziyyətlərinə və qiymətləndirmələrə çevirmək bacarığını inkişaf etdirmək məqsədi daşıyıb.

Təlimin 1-ci günü 6 klasterin (ətraf mühit; qida və içki; kənd təsərrüfatı; sənaye; İKT; turizm, logistika, təhsil və tibb;) AzMKÇ-nın səviyyə deskriptorları tətbiqinə fokuslanıb. İştirakçılar sənaye tələblərinə uyğun olaraq kvalifikasiyaların hazırlanmasının əsas elementlərini təhlil edib, təhsil və müəssisələr arasındakı əlaqəni vizuallaşdırmaq üçün hər klasterə uyğun olaraq müxtəlif təqdimatlar hazırlayıblar.

Layihə ekspertləri Nərmin Şahbazova və Qənirə İsmayılovanın rəhbərlik etdiyi 2-ci günün sessiyaları deskriptorların təlim modullarına, öyrənmə vahidlərinə və öyrənmə situasiyalarına çevrilməsi ətrafında cərəyan edirdi. İştirakçılar sektora aid ixtisas profilləri və öyrənmə ssenariləri hazırlayıblar.

Sonuncu gün iştirakçılar tərəfindən hər klasterə uyğun olaraq texnologiya və sənaye xüsusiyyətləri ilə bağlı ixtisas profilləri və təlim nəticələrinin qiymətləndirmə meyarları haqqında təqdimatlar hazırlanıb təqdim edilib.

Bu təlimlər növbəti aylarda davam edəcək.