IELS 2025 tədqiqatının sınaq mərhələsi uğurla tamamlanıb

Tarix: 19.03.2024
Paylaş:

Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı (IELS) tədqiqatının sınaq mərhələsi uğurla tamamlanıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil institutu tərəfindən həyata keçirilən IELS tədqiqatı uğurla tamamlanıb.

Tədqiqatın sınaq mərhələsi üçün Bakı və Sumqayıt şəhərlərindən seçilən 40 təhsil müəssisəsi üzrə 521 (92%) uşaq qiymətləndirmədə iştirak edib. Bu müəssisələrdən 20-i məktəb, 20-i isə məktəbəqədər təhsil müəssisəsi olub. Həmçinin, IELS-in uşaqların erkən öyrənmə və ev mühiti haqqında suallardan ibarət sorğu mərhələsində 168 (100%) təhsilverən və 534 (94%) valideyn iştirak edib.

IELS tədqiqatının əsas məqsədi kurikulumun tədqiqat nəticələri əsasında inkişaf etdirilməsi, gələcək siyasətin əldə edilən məlumatlara əsasən formalaşdırılması, digər ölkələrin təcrübələrindən faydalanmaq imkanı, tərbiyəçi-müəllimlərin/müəllimlərin ehtiyaca uyğun peşəkar inkişafının təmin edilməsidir.

IELS tədqiqatında iştirak edən uşaqlar aşağıda qeyd edilən bölmələr üzrə oyun əsaslı tapşırıqları tamamlayırlar:

• İlkin savadlılıq (dinləyib-anlama)
• İlkin riyazi bacarıqlar
• Özünüidarə-özünütənzimləmə
• Qısamüddətli yaddaş
• Zehni çeviklik

Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycanda ilk dəfə keçirilən IELS tədqiqatının əsas mərhələsi 2025-ci ildə 200 təhsil müəssisəsi üzrə 3000 uşaq arasında həyata keçiriləcək.