“Kurikulum hazırlanması” üzrə təlimlər davam edir

Tarix: 19.03.2024
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Kurikulum hazırlanması” üzrə işçi qrupunun STEAM səriştələri ilə bağlı təlim görüşləri 13, 14 və 15 mart 2024-cü il tarixlərində baş tutub.

Təlimlərin keçirilməsində əsas məqsəd STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) bacarıqlarını inkişaf etdirən, PISA modelinə uyğun olaraq şagirdlər arasında elmi və riyazi savadlılığı təşviq edən fənlərarası kurikulumun hazırlanması və həyata keçirilməsini təmin etmək olub. Əlavə olaraq, təlim iştirakçıları STEAM konsepsiyalarının tətbiqi ilə şagirdləri real dünya problemlərinin həllinə cəlb edən fənlərarası kurikulum vahidlərinin hazırlanması ilə bağlı təkliflər irəli sürüblər. Təlim zamanı STEAM-in kurikuluma inteqrasiyasının SWOT analizi aparılıb. Təlim boyunca iştirakçılar təhsil texnologiyaları və virtual reallıqdan istifadə barədə biliklər qazanıblar.

Təlim layihənin eksperti Srdcan Verbiç tərəfindən aparılıb. STEAM İnnovasiya Mərkəzinin direktoru İqrar Nəzərov isə STEAM Azərbaycan layihəsi barədə təqdimatla çıxış edib.

Qeyd edək ki, sözügedən təlimlərə 40 nəfər iştirakçı cəlb olunub.