Məktəbin İnkişaf Planı reallaşdırılan ümumi təhsil müəssisələrinin idarəetmə heyəti ilə “İstedadlı şagirdlərlə işin səmərəli təşkili” mövzusunda görüş keçirilib

Tarix: 29.03.2024
Paylaş:

28 mart tarixində Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Məktəbin İnkişaf Planı (MİP) reallaşdırılan ümumi təhsil müəssisələrinin idarəetmə heyəti ilə “İstedadlı şagirdlərlə işin səmərəli təşkili” mövzusunda görüş keçirib.

Bakı şəhəri Yasamal rayonu M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə keçirilən görüşdə ARTİ MDPİM-in direktoru Nəzakət Mehdiyeva, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, MDPİM-in Əlaqələndirmə, Metodik xidmət şöbələrinin əməkdaşları, həmçinin ARTİ və BŞTİ tərəfindən MİP-in tətbiqi üzrə kurasiya olunan ümumi təhsil müəssisələrinin direktor və direktor müavinləri iştirak ediblər.

Görüş zamanı məktəblərdə istedadlı şagirdlərlə işin təşkilinin əhəmiyyəti, həmin şagirdlərin müəyyən edilməsi strategiyaları, olimpiada və intellektual müsabiqələrin istedadlı şagirdlərin inkişafındakı rolundan danışılıb. Bundan əlavə, şagird motivasiyasının yüksəldilməsində müəllimlərin yumşaq bacarıqlarının rolu, əks-əlaqənin şagirdlərin yaradıcılığına və gələcək həyatlarına təsiri, eləcə də məktəblilərdə tənqidi və yaradıcı təfəkkürün formalaşdırılmasının vacibliyi vurğulanıb.

Müzakirələrdə həmçinin istedadlı şagirdlərin potensialının müəyyən edilməsi və inkişafında məktəblərin idarəetmə heyətinin, müəllimlərin, valideynlərin əməkdaşlığının önəmi qeyd olunub.

Görüşün sonunda isə Fuad Qarayev mövzu ilə bağlı auditoriyanın ünvanlandırdığı sualları cavablandırıb.

Qeyd edək ki, MİP çərçivəsində istedadlı şagirdlərlə işin səmərəli təşkili istiqamətində fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.