ARTİ-də yeni dərsliklərin hazırlanması və kütləvi nəşrə təqdim olunması zamanı qarşıya çıxan problemlərlə bağlı müəllif heyəti ilə görüşü keçirilib

Tarix: 03.04.2024
Paylaş:

Görüşdə Elm və Təhsil Nazirliyinin Ümumi və orta təhsilin siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev, Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov, şöbə əməkdaşları və müxtəlif fənlər üzrə hazırlanan dərsliklərin layihə rəhbərləri və müəllif heyəti iştirak edib.

Yeni dərsliklərin məzmunu ilə bağlı müxtəlif təşkilatlardan gələn rəylər, yeni dərsliklərin istifadəsi zamanı rast gəlinən çətinliklər, dərslik komplektindən istifadənin səmərəliliyinin artırılması və s. məsələlərə toxunulub.

Zaur İsayev görüş iştirakçılarını salamlayıb, dərslik layihələri barədə ətraflı məlumat verib.

Görüşdə ARTİ-nin direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev layihədə yaradıcı heyətin vəzifələri, işin keyfiyyətinin yüksəldilməsi, həmçinin, ARTİ-nin müəlliflərdən gözləntiləri barədə danışıb.

Daha sonra ETN-in Ümumi və orta təhsilin siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu Elm və Təhsil Nazirliyinin layihələrdən gözləntiləri barədə çıxış edib, müxtəlif fənlər üzrə hazırlanan yeni dərsliklərin dil-üslub xüsusiyyətlərinə dair fikirlərini səsləndirib.

Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov “Yeni dərsliklər. Keyfiyyət və zaman problemləri, perspektiv baxış” mövzusunda təqdimat edib. Təqdimatda fənlər üzrə dərsliklərin məzmununa verilən tələblər, yeni dərsliklərin hazırlanması üzrə işin təşkili ilə bağlı qarşıya çıxan problemlər, təkliflər, cari və perspektiv fəaliyyət planı kimi məsələlərə toxunulub.

Sonda layihə rəhbərləri və müəlliflərin fikirləri dinlənilib.