SABAH.HUB və Azərbaycanın təhsil sahəsindəki əsas qurumları arasında seminar baş tutub

Tarix: 06.04.2024
Paylaş:

Seminar Azərbaycanda EdTech imkanları mövzusunda olub. Tədbir müvafiq olaraq SABAH.HUB, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin aidiyyəti şöbələri, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin nümayəndələri arasında həyata keçirilib.

Görüşün məqsədi dünyada baş verən qlobal və regional EdTech trendlərinin müzakirəsi, onlar əsasında Azərbaycan təhsil sisteminin rəqəmsallaşma fürsətlərinin müəyyən edilməsi olub.

Tədbirin açılışını SABAH.HUB İnnovasiya Mərkəzinin İcraçı direktoru Rəhim Bayramlı etdikdən sonra Startapların inkişafı üzrə direktor Orxan Abbasov “Regionda innovativ təhsil üzrə startaplar” mövzusunda çıxış etmiş, Strategiya və layihələrin idarə olunması şöbəsinin rəhbəri Nihat Məcidov isə “Qlobalda olan təhsil innovasiyaları” adlı vörkşopu həyata keçirmişdir.

Seminarda iştirak edən nümayəndələr qruplara bölünərək fərqli istiqamətlər üzrə təhlillər aparıb. Azərbaycanda təhsil sisteminin qarşısında duran mühüm çağırışlar müzakirə edilib, SABAH.HUB və təhsil qurumlarının ortaq resursları əsasında həll oluna biləcək təhsil metod və texnologiyaları təklif olunub.