Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilir

Tarix: 15.04.2024
Paylaş:

17 aprel tarixindən etibarən Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq. Müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək.

Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailələrinin üzvləri 17 aprel saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 19 aprel saat 11:00-dək davam edəcək.

Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən bildiriləcək.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmağı və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik.

Vətən müharibəsi şəhidlərimizin xatirəsini böyük hörmət və ehtiramla anır, müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!