Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.
Olimpiadanın ilkin mərhələsində 10 minə yaxın şagird iştirak edib.
Bu mərhələ çərçivəsində olimpiadanı izləmək üçün Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbə mediatur təşkil olunub. Mediaturda Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun rəsmiləri, millət vəkilləri, Qərbi Azərbaycan İcmasının üzvləri və media nümayəndələri iştirak ediblər.
Bakıda təşkil edilən olimpiada mərkəzlərində ümumilikdə 975 şagird iştirak edib.
İkin mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.
Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.
Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.