3 may tarixində Təhsil İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
Elmi Şuranın sədri, institutun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev Elmi Şuranın tərkibində edilən dəyişiklik barədə məlumat verərək şuranın yenilənən sədr və üzvlərini təbrik edib, növbəti üç ildə fəaliyyət göstərəcək şuranın işinə uğurlar arzulayıb və gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb.
Daha sonra söz institutun Elmi katibi, pedaqogika elmləri doktoru, professor Akif Abbasova verilib. O, gündəlikdəki ilk məsələ barədə – İnstituta fəlsəfə və elmlər doktoru proqramı üzrə qəbul olunan doktorant və dissertantların tədqiqat mövzuları (bəzi redaktələrlə), elmi rəhbərləri və elmi məsləhətçiləri barədə məlumat verib, məlumat səsə qoyularaq yekdilliklə qəbul olunub.
İnstitutun direktor müavini İlham Cavadov institut əməkdaşları tərəfindən hazırlanmış ixtisasartırma proqramları, 2022-2023-cü illərdə institutda aparılmış tədqiqat işlərinin nəticələri ilə bağlı nəşri nəzərdə tutulmuş əsərlər barədə məlumat verib. Məlumat ətrafında müzakirələr aparılıb, rəy və təkliflər bildirilib, nəşri nəzərdə tutulmuş əsərlərə qrif verilməsinin məqsədəuyğun olduğu qeyd edilib. İnstitut əməkdaşları tərəfindən hazırlanmış və müəlliflərin öz hesabına nəşri nəzərdə tutulmuş əsərlərə qrif verilməsinə də qərar verilib.