“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat prosesi başa çatıb!

Tarix: 08.05.2024
Paylaş:

 

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində metodik işin təşkili məqsədilə metodist seçimi fəaliyyətinə başlanılıb. Bu məqsədlə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili dövlət dili, ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat (tədris dili), riyaziyyat fənn müəllimləri “Müasir metodist” müsabiqəsində iştirak etməyə dəvət olunublar. Ümumilikdə isə 1070 nəfər müəllim müsabiqədə iştirak etmək üçün müraciət edib.

Bu müsabiqədə sertifikatlaşdırma test imtahanının nəticələrinə əsasən müəyyən bal toplayan müəllimlər iştirak etmək imkanına malikdirlər. Ümumiyyətlə, metodik işin effektiv təşkil edilməsi üçün müəllimin metodistlik fəaliyyətində mühüm hesab edilən müəyyən kompetensiyalara malik olması əhəmiyyət kəsb edir. Bu məqsədlə müsabiqə bir neçə mərhələdən ibarət olaraq keçirilir. Qeyd edək ki, müsabiqənin qeydiyyat mərhələsi artıq yekunlaşıb.

Növbəti mərhələ müsahibə mərhələsidir. Müəyyən tələblərə cavab verən müəllimlər müsabiqənin müsahibə mərhələsində iştirak etmək imkanına malikdirlər. Müsahibənin keçirilməsi müəllimlərin fəaliyyətləri ilə ilkin tanışlıq məqsədini daşıyır. Müsahibə prosesində müəllimlərin qiymətləndirilmə meyarları aşağıdakılardır:

-Özünü təqdimetmə
-Dərsin planlaşdırılması
-Metodiki və pedaqoji savadlılıq
-Liderlik bacarığı
-Problem həlletmə bacarığı
-Əməkdaşlıq bacarığı
-Ünsiyyət bacarığı
-Peşəkar inkişaf

Müəllimlərdən qeyd olunan meyarlara əsasən verilən suallara cavab, müxtəlif situasiyalarda problemin həlli, ünsiyyətin qurulmasında effektiv və aktiv iştirakı gözlənilir.

Müsahibə mərhələsinin 2024-cü ilin may ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulur. Müsahibədən müvəffəqiyyətlə keçən müəllimlər müsabiqənin növbəti “Metodistlik fəaliyyətinə hazırlıq” mərhələsinə keçmək imkanı qazanacaqlar.