Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq 15 may 2024-cü il tarixində Təhsil İnstitutu və Azərbaycan Dillər Universitetində “Narkomaniya və onun fəsadları” mövzusunda seminar təşkil edilib.
Seminarda Təhsil İnstitutunun böyük elmi işçisi Könül Mikayılova, elmi işçisi Gülnarə Şahmuradova günümüzün təhlükəsi hesab olunan narkomaniyanın fəsadlarının qarşısının alınması istiqamətində “Sevməyi seç” adlı təqdimatla çıxış ediblər.
Seminarda tələbələrə psixoaktiv maddə, onların mərkəzi sinir sisteminə təsiri, beynin funksiyalarını dəyişən, qavrayışda, hisslərdə, davranışda, şüurda və əhval-ruhiyyədə dəyişikliklərə səbəb fəsadlarından bəhs olunub.
Çıxışlar zamanı narkotik asılılıq və onun formalaşma mərhələləri, psixoloji, fizioloji, sosioloji risk faktorları, qorunma və xilas olma yolları haqqında məlumat verildi. Eyni zamanda, narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması və alverinə qarşı mübarizədə ailə, təhsil və cəmiyyətin qanunlar çərçivəsində birgə fəaliyyəti seminar iştirakçılarının diqqətinə çatdırılıb və bu istiqamətdə məqsədyönlü maarifləndirmə işlərinin davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib.